Noyabr ayının sosial işçisi - Gülnaz Məmmədli
Azərbaycan Sosial İş İctiami Birliyi Gülnaz Məmmədlini Noyabr ayının sosial işçisi seçmişdir. Gülnaz Məmmədlinin təssüratlarını və sosial iş haqqında düşüncələrini aşağıdakı mətndən oxuya bilərsiniz:

Dəvəçi (indiki Şabran) rayonunda çoxuşaqlı ailənin ən kiçiyi - sonbeşiyi olmuşam. Çox şən, qayğısız, inadkar uşaqlığım olub. Məktəb illərindən humanitar fənlərə, incəsənətə həvəsim olub. Məktəbin və rayonun ictimai tədbirlərinin təşkilatçısı, fəal iştirakçısı olmuşam. Çox təssüf ki, orta məktəbi fərqlənmə ilə bitirdikdə anamın məsləhəti ilə sənədlərimi Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) verdim.

 
Ali məktəbə daxil olan ili atam, qurtaran ili də anam rəhmətə getdi və çox gənc yaşımda həyatda çətinliyin nə demək olduğunu anladım. Bu çətinliklərdə - insanın şəxsiyyətini, qürurunu itirmədən necə mübarizə apara biləcəyini öyrəndim. Bu çətinliklərdə - ailə dəstəyini, insanın özü-özünə necə köməy edərək "ayaq üstə" durmağı öyrəndim. Mən sonralar, sosial iş sahəsinə gələndə başa düşdüm ki, bu əvəzolunmaz peşəni ilk olaraq özümə köməklə başlamışam.
 
İnsanların dərd-acılarını başa düşməyim, həssaslığım, uşaqlara, əsasəndə valideyn himayəsindən məhrum uşaqlara sonsuz sevgimi, kömək etmək istəyimi və buna çatacaq gücümü, bacarığımı ailəm də, yaxınlarım da görür, hiss edirdilər.  Uzun illər ixtisasımla əlaqədar mühəndis işləsəmdə və ailə qurduqdan bir neçə il sonra sevmədiyim sahədə işləməkdənsə işdən tamamilə uzaqlaşmağı seçdim. Başa düşürdüm ki, mən sosial iş sahəsi üçün doğulmuşam.
 
Bir gün bacım "mən bilirəm sən harda lazımsan" dedi və beləliklə mənim Ümidli Gələcək Gənclər Təşkilatında konüllü sosial işçi kimi fəaliyyətim belə başladı.  Bir müddət sonra "Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi"ndə sosial işçi sonra həmin Mərkəzin direktoru oldum.
 
Sosial təhlükəli vəziyyətdə olan - "çətin" uşaqlarla, onların ailələri ilə işləmək  sosial işin ən ağır və ən məsuliyyətli sahəsidir. Başa düşürdüm ki, nə qədər uğurlar qazansam da özümə "peşəkar sosial işçi" demək üçün bu sahənin nəzəriyyəsin də bilməliyəm. 2014-cü ildə ikinci təhsil olaraq Azərbaycan  Turizm və Menecment Universitetində sosial iş ixtisasını seçdim və uğurla bitirdim.
 
Sosial işimlə paralel olaraq "Ümidli Gələcək" Gənclər Təşkilatında, "Hüquq Dünyası" Hüquqi Təbliğat İB-də, "Futbolçulara Hüquqi Yardım Mərkəzi" İB-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şürası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən çoxsaylı uğurlu sosial layihələrin müəllifi, koordinatoru və iştirakçısı oldum.  Azərbaycan Respublikasında insan alverinə qarşı mubarizəyə dair Milli Fəaliyyət Planı çərçivəsində, UNİCEF-in, Avropa Birliyinin "Regionlarda  Baxımsızlığın və Hüquqpozuntusunun   Profilaktikası", Təhsil Nazirliyi, Avstriyanın Azərbaycandakı səfiri, Hilfsverk  Avstriya Beynəlxalq Təşkilatı və Avropa İttifaqının “Uşaq Müdafiəsi Sistemi” və s. layihələr çərçivəsində Bakı şəhərində, regionlarda məktəb müəllimlərinə, şagirdlərə, valideynlərə, uşaq sahə həkimlərinə, sosial xidmətçilərə, uşaq inspektorlarına, müstəntiq və təhqiqatçılara təlimlər keçmişəm.
 
Vətənimizin ən siravi vətəndaşı da "sosial işin" nə olduğunu və nə qədər lazımlı olduğunu biləcək və bu şərəfli işin ağırlığını çiyinlərində daşıyan Azərbaycan Sosial İş İctimai Birliyi Komandasına bol-bol uğurlar arzulayıram.

Xəbər bülleteninə abunə ol


}