Oktyabr Ayının Sosial İşçisi | Könül Cəfərova

         Sosial işə gəlməyib əslində planlı şəkildə olmayıb, daha çox təsadüfi olub, deyərdim. Bakalavr təhsilim İngilis dili üzrə olduğundan və özümü biznes sahəsində görə bilmədiyimdən, daha çox humanitar sahəyə yönəlmişdim. Bakalavr illərim və ondan sonrakı dövr qeyri-formal təhsil və qeyri-hökümət sektorunda özümü inkişaf etdirməklə keçib. Sumqayıtda “Sağlam Düşüncə” gənclər təşkilatında 4 ilə qədər könüllü işləmişəm və bu təşkilatın indiki Könülün formalaşmağında böyük rolu olub. Sosial işlə ilk tanışlığım Polşada könüllü işləyərkən olmuşdu. Mən orda Çeçenistandan qaçqın düşən ailələrin uşaqları üçün digər könüllülərlə birgə oyunlar təşkil etmişdim. Daha sonra isə uşaqlarını tək böyüdən və imkansız analar üçün potensial qazanc mənbəyi ola biləcək əl bacarıqlarını inkişaf etdirən dərslərdə iştirak etdim və Polşada çox kiçik maliyyə ilə icmanın insanların həyatında rolunun bir az da olsa şahidi oldum. Daha çox bu əsas iki təcrübədən qaynaqlanaraq, sosial işə marağım artdı və nəhayət ki magistr dərəcəmi bu sahə üzrə ABŞ-da əldə etdim. Bir də təbiətcə təmənnasız yardım etməyi və hər şeydən maliyyə güdməməyi bilən insanam. Bu da sosial işin tərənnümündə aparıcı amillərdən biridir.
 
           Sosial işdə əldə etdiyim əsas təəssürat və təcrübə daha çox ABŞ-la bağlıdı. İki illik təhsil və praktika ABŞ-da olan sosial işə bir çox prizmadan baxmağa imkan verdi: istər makro (siyasi və iqtisadi), istər mezo (QHT səviyyəsində), istərsə də birbaşa olaraq kliyentlərlə iş səviyyəsində. Orda sosial iş bizimlə müqayisədə daha çox şaxəlidir və geniş miqyasda tətbiq edilir. Sosial sahədə tədqiqatlar aparılır, və bu tədqiqatlara federal səviyyədə qrantlar ayrılır. Ordakı tədqiqatda ağır psixi pozğunluğu olan və evsiz insanlarla işləmişdim. Onlarla dil tapmaq və ünsiyyətdə olmaq həm çətin, həm də öyrədici idi. Mən o zaman daha çox anladım ki insanlara faydalı olmağı sevirəm. Mənim kliyentlərimdən biri neçə il idi, xəstəxanaya gedə bilmirdi, qorxurdu. Onu müayinədən keçirmək lazım idi, amma getmək istəmirdi. Mən onu digər tədqiqat köməkçiləri ilə birgə xəstəxanaya müayinəyə getməsinə inandırmağa çalışdım. Daha sonra istərsə, onunla gedəcəyimə söz verdim. Bundan sonra təklifi qəbul etdi. İkimiz getdik və mən onun müayinədən keçirilməsinə yardım etdim, onun yanında oldum. Xəstəxanadan çıxandan sonra mənə təşəkkürünü bildirdi və onunla getməyimi qiymətləndirdiyini dedi. Bunu ondan duymaq çox xoş oldu. Belə hadisələr sizi işinizi daha çox sevməyə sövq edir. Azərbaycana gəldikdə isə, burda hələ ki vəziyyəti qiymətləndirmə ərəfəsindəyəm. Əlbəttə ki sosial səviyyədə görməli işlər həddən artıq çoxdur və cəmiyyətə xidmət edəcək sosial işçilərin yetişməsi və təhsil alması çox vacibdir. 

Xəbər bülleteninə abunə ol


}